Azərbaycan prezidenti İlham Əliyev şənbə günü Azərbaycanın Madagiz kəndinin erməni işğalından azad olunduğunu elan edib.
“Bu gün Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir”, - dövlət başçısı özünün rəsmi Tvitter səhifəsində yazıb.
O cümlədən, prezident 1-ci Ordu Korpusunun komandiri Hikmət Həsənovu Madagizin işğaldan azad olunması münasibətilə təbrik etdi.
“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev bu gün 1-ci Ordu Korpusunun komandiri Hikmət Həsənovu Madagizin işğaldan azad olunması münasibətilə təbrik etdi. Ona tapşırıq verdi ki, Ali Baş Komandanın təbriklərini korpusun bütün şəxsi heyətinə çatdırsın. Hikmət Həsənov Ali Baş Komandana öz təşəkkürünü bildirdi, Prezidenti əmin etdi ki, 1-ci Ordu Korpusu Ali Baş Komandan tərəfindən qarşısında qoyulmuş bütün vəzifələri şərəflə yerinə yetirəcək”, - Prezidentin Mətbuat xidməti məlumat verir. **
Ə.Məmmədov