Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini intensiv artilleriya atəşinə tutması nəticəsində iki dinc sakin həlak olub, daha 3 nəfər yaralanıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindənməlumat verilir.
“Ermənistan silahlı qüvvələrinin Beyləqan şəhərinin müxtəlif istiqamətlərində dinc əhalinin yaşayış evlərini növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində 3 oktyabr tarixində saat 19:00 radələrində 1976-cı il təvəllüdlü şəhər sakinləri Zülfiyyə İsmayılova və bacısı 1998-ci il təvəllüdlü Arzu Əsədova yaşadıqları evə çoxsaylı top mərmilərinin düşməsi nəticəsində dağıntılar altında qalaraq həlak olublar. Eyni zamanda şəhərin müxtəlif yerlərinə düşmüş top mərmilərinin qəlpələrindən daha iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib, çoxsaylı yaşayış evlərinə külli miqdarda ziyan dəyib», - Baş Prokurorluq qeyd edir.
Faktla bağlı Beyləqan rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7, 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 186.3-cü (əmlakı qəsdən məhv etmə və ya zədələmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə cinayət işi başlanb.
“Həmçinin, Ermənistan silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx olduğu əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində şənbə günü saat 21:00 radələrində Tərtər rayonu Azad Qaraqoyunlu kəndinə düşmüş top mərmilərinin qəlpələrindən 1966-cı il təvəllüdlü Səfər Məmmədov və Akif Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib.Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir”, - məlumatda qeyd olunur. **
X.Nəsirzadə