Azərbaycan hərbçilərinin açdığı atəş nəticəsində Araik Arutyunyan ağır yaralanıb. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Hazırda sosial şəbəkələrdə və Ermənistan mətbuatında yayılan məlumata görə, Araik Arutyunyanın əmri ilə Gəncəyə raket zərbəsi endirilib. O, özü də sosial şəbəkədə müvafiq post paylaşıb. Lakin qeyd etmək istərdim ki, o, ön cəbhədə deyil, bunkerdə gizlənərkən yaralanıb. Azərbaycan Silahlı Qüvvələri onu bunkerdə də tapdı və Azərbaycan tərəfindən dəqiq zərbə nəticəsində o, ağır yaralanıb”, - Hacıyev bazar günü brifinqdə bildirib.
Onun sözlərinə görə, beləliklə, Arutyunyan Gəncəyə və Azərbaycanın digər şəhərlərinə endirilən raket zərbələrinə görə cəzalandırılıb.
“Onun kimi, Azərbaycana qarşı hərbi cinayətlər törədən digər hərbi cinayətkarlar da cavablarını alacaqlar. Bundan əlavə, bizim yaşayış məntəqələrini atəşə tutan Ermənistandakı və işğal olunmuş ərazilərdə hərbi hədəfləri Azərbaycan tərəfindən məhv ediləcək”, - o qeyd edib. **
N.Abbasova