Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Endryu Şofer bu gün telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında hazırki vəziyyəti müzakirə ediblər. Bu barədə XİN-dən məlumat verilir.
“Bayramov amerikalı həmsədrə bölgədəki yüksək gərginlik, xüsusən də Ermənistanın azərbaycanlı mülki şəxsləri və obyektləri məqsədyönlü atəşə tutması barədə məlumat verib. Nazir,təmas xəttindən uzaqda yerləşən Azərbaycan şəhərlərini, o cümlədən Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin raket atəşinə tutulmasının mülki əhali arasında itki və infrastrukturun məhv olması ilə nəticələndiyini vurğulayıb”, - məlumatda qeyd olunur.
Nazir məlumat verib ki, bu günə qədər Ermənistanın açdığı atəş nəticəsində 24 azərbaycanlı mülki şəxs şəhid olub, 111 nəfər isə yaralanıb.
“Ermənistan bu hərbi təxribatları həyata keçirməklə dinc əhalini terrora məruz qoymaq, hədələmək və çaxnaşma yaratmaq məqsədi güdür», - mnəlumatda qeyd olunur.
Bölgədəki gərginliyin artmasından ciddi narahatlığını ifadə edən Endryu Şofer, atəşkəsə riayət edilməsinin əhəmiyyətini vurğulayıb.
“Bayramov BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistanın bütün silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasnını bölgədə sülhün təmin olunması baxımından zəruri olduğunu bildirib”, - XİN-dən bildirilir. **
B.Rüstəmbəyov