Azərbaycan prezidenti İlham Əliyev “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsində qeyd edib ki, fransalı həmkarı Emmanuel Makrondan tələb edib ki, Türkiyə üzərindən Suriyadan gələn muzdluların Azərbayana gəlməsi ilə bağlı dəlillər təqdim etsin.
“Biz bu ittihamları tamamilə rədd edirik. Son on gün ərzində, ötən həftə Fransa prezidenti mənə iki dəfə telefon zəngi edib. Mən ona dedim ki, bizə dəlil verin. Bizim ərazimizdə guya suriyalı döyüşçülərin olmasına dair heç bir dəlil yoxdur. O, mənə sentyabrın 27-də zəng edəndə mən ondan soruşdum və o vaxtdan bu yana məndə heç bir dəlil yoxdur. Əgər belə dəlilləri varsa, niyə bizə təqdim etmədilər? Sonra o (Makron - İF), mənə bir neçə gün əvvəl zəng edəndə bu məsələni yenidən qaldırdı. Dedi ki, onlarda kəşfiyyat məlumatı var. Mən dedim onu bizimlə paylaşın”, - Əliyev deyib.
Onun sözlərinə görə, heç bir dəlil və sübut təqdim etmədən ölkəni ittiham etmək doğru deyil. “Bu gün mən bu qəbuledilməz ittihamla bağlı Fransadan bir dəlil belə almamışam. Azərbaycan torpağında əcnəbi döyüşçülər yoxdur və mən Fransa prezidentinə dedim ki, bizim ordumuz 100 min nəfərdən ibarətdir”, - prezident qeyd edib.
Əliyev vurğulayıb ki, Azərbaycan müasir dronlar vasitəsilə erməni tanklarını və hava hücumuna qarşı sistemlərini məhv edir. “Ordumuz bir kəndin ardınca o birini azad edir. Beləliklə, bu ittihamlar tamamilə əsassızdır», - Azərbaycan prezidenti bildirib. **
A.Əzizov