Fransa özü-özünü ATƏT-in Minsk qrupunun xaricinə qoyub. Bunu prezident İlham Əliyev deyib.
«Bütün prosesdə biz həmsədrlərə eyni gözlə baxmışıq və mən dəfələrlə rəsmi çıxışlarımda demişdim ki, hər bir ölkə ilə Azərbaycanın ayrı münasibətləri var, təbii ki, bu münasibətlərin səviyyəsi fərqlidir. Amma, eyni zamanda, bu məsələdə biz bu ölkələri bir-birindən ayırmırıq və bu ölkələr deməliyəm ki, bütün proses boyunca son olaylara qədər vahid bir mövqedən çıxış edirdi, bitərəf idi, yəni tərəf tutmurdu. Halbuki biz bilirdik ki, bəlkə də bunların ürəyində tərəftutma var. Bu da təbiidir. Amma rəsmi addımlarda və bizimlə təmaslarda heç zaman bunu göstərmirdilər”, - deyə Əliyev “TRT Haber” televiziya kanalına müsahibəsində bildirib.
“Fransa özü-özünü Minsk qrupunun xaricinə qoyur, mən qoymuram”, - deyə dövlət başçısı əlavə edib.
“Mən Fransa prezidenti Makronu üzr istəməyə dəvət etdim, çünki bizə qarşı ittiham irəli sürdü. Olmayan şeyləri üstümüzə atdı. Bu, bizim ölkəmiz üçün qəbuledilməzdir. O deyib ki, Azərbaycan Türkiyə ilə birlikdə bölgəyə terrorçuları gətirib. Onun açıqlamasında bu, var. Ondan sonra bir açıqlamasında demişdir ki, “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik”. Dağlıq Qarabağ bizim torpağımızdır. Bir dövlət öz torpaqlarını fəth edə bilərmi? Yəni, həmsədr bilmirmi ki, bu torpaqlarda qanunsuz olaraq ermənilər oturub bizim bütün tarixi abidələrimizi, məscidlərimizi, qəbirlərimizi, evlərimizi yerlə-yeksan ediblər. Bizim yarıdağılmış məscidlərimizdə donuz, inək saxlayır. Bütün müsəlmanları təhqir edir. Görmürlərmi bunu? Ona görə “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik” sözləri qəbuledilməzdir. Ona görə Fransa özü-özünü artıq bu bərabər üçlüyün xaricinə qoyur və biz buna səssiz qala bilmərik”, - deyə İ.Əliyev vurğulayıb.*
B.Rüstəmbəyov