Fransanın xarici işlər naziri Jan İv Lö Drian Qarabağda hərbi əməliyyatlar zonasında mülki əhalinin hədəfə alınmasının yolverilməz olduğunu bəyan edib. Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Fransanın xarici işlər naziri Jan İv Lö Drian arasında bu gün baş tutmuş telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.
Fransa xarici işlər naziri bölgədə baş verən gərginliyin alovlanmasının ciddi narahatlıq doğurduğunu qeyd edib. O, Minsk qrupunun həmsədr ölkələri vasitəsilə məsləhətləşmələrin davam etdirilməsinin zəruriliyini vurğulayıb.
Ceyhun Bayramov bölgədəki artan gərginlik, xüsusən də Ermənistanın azərbaycanlı mülki şəxslərini və obyektlərini qəsdən atəşə tutması barədə qarşı tərəfə məlumat verib. Nazir, təmas xəttindən uzaqda yerləşən Azərbaycan şəhərlərini, o cümlədən Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin, sənaye şəhəri Mingəçevirin, eləcə də Xızı və Abşeron rayonlarının hədəfə çevrilməsinin mülki əhali arasında itki və infrastrukturun məhv olması ilə nəticələndiyini vurğulayıb.
“O, fransalı həmsöhbətinə bu günə qədər Ermənistanın açdığı atəş nəticəsində 25 azərbaycanlı mülki şəxsin həlak olduğu və 127 nəfərin isə yaralandığı barədə məlumat verib”, - deyə məlumatda qeyd olunur.
Nazir Bayramov BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistanın bütün silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının bölgədə sülhün təmin edilməsi üçün mühüm şərt olduğunu qeyd edib.
Fransa xarici işlər naziri mülki əhalinin hədəfə alınması və hərbi əməliyyatların coğrafiyasının genişləndirilməsinin yolverilməz olduğunu vurğulayıb.*
B.Rüstəmbəyov