Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov bu gün Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında mövcud vəziyyətin müzakirəsini davam etdirib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Lavrov təmas xəttində döyüşlərin davam etməsindən və mülki əhali arasında qurbanların sayının artmasından ciddi narahatlıq ifadə edib. Rusiya tərəfi atəşin tezliklə dayandırılmasının vacibliyini vurğulayıb”, – deyə məlumatda bildirilir.
Qeyd edilib ki, Rusiya ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birlikdə "Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının baza prinsipləri əsasında danışıqlar prosesinin bərpasına köməklik göstərməyə davam edəcək".
"Lavrov Moskvada Minsk qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü keçirməyə hazır olduqlarını təsdiqləyib", - deyə məlumatda bildirilir.*