Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və ABŞ dövlət katibinin müavini Stiven Biqan arasında telefon danışığı baş tutub. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
“Ceyhun Bayramov həmkarına bölgədəki son gərginlik barədə məlumat verib. ABŞ dövlət katibinin müavininin diqqətinə çatdırılıb ki, Ermənistan beynəlxalq humanitar hüququ açıq şəkildə pozaraq Azərbaycanın mülki əhalisi və mülki obyektlərini, o cümlədən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni, sənaye şəhəri olan Mingəçeviri, habelə təmas xəttindən çox uzaqda yerləşən Xızı və Abşeron rayonlarını qəsdən raket atəşinə tutur”, - deyə məlumatda bildirilir.
Nazir Ermənistanın yaşayış məskənlərini atəşə tutması nəticəsində mülki əhali arasında böyük itkilərin olduğunu bildirib. O qeyd edib ki, Ermənistanın bu hərbi təxribatı vəziyyətin qəsdən pisləşməsinə yönəlib və Ermənistanın hərbi əməliyyatlar zonasını böyütmək niyyətini nümayiş etdirir.
“XİN başçısı vurğulayıb ki, Ermənistan beynəlxalq hüquq normaları və prinsiplərinə, o cümlədən beynəlxalq humanitar hüquq üzrə öhdəliklərinə əməl etməli və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasına dair tələblərini yerinə yetirməlidir”, – deyə məlumatda qeyd olunur.*
Ə.Məmmədov