Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Bakıya səfərini qardaş ölkənin açıq dəstəyin göstəricisi kimi dəyərləndirib.
“Siz Azərbaycanda dəfələrlə olmusunuz. Amma bu səfərin xüsusi önəmi var. Azərbaycan üçün o qədər də asan olmayan bir dönəmdə sizin gəlməyiniz əlbəttə ki, xüsusi önəm daşıyır. Bu, qardaş ölkənin açıq dəstəyinin təzahürüdür”, - Əliyev bu gün Çavuşoğlunu qəbul edərkən bildirib.
“Mənim əziz qardaşım, hörmətli prezident Rəcəb Tayyib Ərdoğan ilə bu günlərdə təmaslarım, onun çox açıq, qətiyyətli bəyanatları bütün dünyaya göstərdi ki, Azərbaycan tək deyil. Azərbaycanın yanında Türkiyə kimi dünya miqyasında böyük bir güc olan dövlət var, qardaş ölkə var”, - dövlət başçısı qeyd edib.
Əliyevin sözlərinəgörə, bu dəstək bizi ruhlandırır, bizə əlavə güc verir və eyni zamanda, bölgədə sabitliyin, əmin-amanlığın təmin edilməsi üçün önəmli rol oynayır. “Mən bunu bu günlər ərzində demişəm ki, Türkiyə bölgədə sabitləşdirici rol oynayır. Türkiyənin bölgədə və dünyada yalnız sülhə hesablanmış siyasəti artıq öz nəticələrini verməkdədir, həm Yaxın Şərq bölgəsində, eyni zamanda, Qafqaz bölgəsində”, - Əliyev qeyd edib.
Ermənistanın növbəti hücumu ilə əlaqədar bu gün yaranmış vəziyyət bir daha onu göstərir ki, Türkiyə həm regionda, həm dünyada söz sahibidir. **
B.Rüstəmbəyov