Türkiyə indiyədək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönələn bütün səyləri dəstəkləyib, lakin Ermənistan BMT-nin qətnamələrinə məhəl qoymir və Azərbaycanın işğalını davan etdirir. Bunu Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu deyib.
“Dünya birliyi Azərbaycanın tərəfinə keçməlidir, işğalçı və işğal olunan ölkəni eyni mövqeyə qoymamalıdır. 30 il ərzində eyni çağırışlar səslənir. Biz Azərbaycanın ərazi bütövlüyü və onun tanınmış sərhədləri çərçivəsində BMT-nin qətnamələrinə uyğun olaraq münaqişənin sülh yolu ilə həllinə yönələn səylərə dəstəyimizi ifadə etmişik. Lakin 30 ildir ki, Ermənistan Azərbaycanın ərazilərinin işğalından həzz alır, son zamanlar bütün beynəlxalq qərarlara məhəl qoymayaraq, Yaxın Şərqdən olan etnik erməniləri bu torpaqlarda yerləşdirməyə çalışır”, - Çavuşoğlu bu gün Bakıda mətbuat konfransında bildirib.
O, həmçinin təsdiq edib ki, münaqişə zonasında cari vəziyyət nəzərə alınaraq, dünya birliyinin onun həllinə yanaşmalar dəyişməlidir. “Bundan sonra dünya anlamalıdır ki, bu artıq belə davam edə bilməz. Biz bu prosedə Azərbaycanın haqlı mübarizəsini izah etməyə davam edəcəyik və dünyanın düzgün tərəfi qəbul etməsi üçün səy göstərəcəyik”, - nazir əlavə edib. **
N.Abbasova