Azərbaycan Ombudsmanı Səbinə Əliyeva Ermənistan silahlı qüvvələri tərəfindən intensiv raket-artileriya atəşinə məruz qalan Gəncə şəhərinə səfər edib. Bu barədə Ombudsman Aparatındanməlumat verilib.
“Əliyeva növbəti faktaraşdırıcı missiya həyata keçirmək, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində insan hüquqlarının pozulmasına dair faktları araşdırmaq və həqiqətləri beynəlxalq təşkilatlara çatdırmaq məqsədilə ağır artilleriya atəşinə məruz qalan Gəncə şəhərinə səfər edib”, - məlumatda qeyd olunur.
Monitorinq səfəri çərçivəsində Ombudsman ağır artilleriya atəşi nəticəsində dağılmış, ciddi ziyan dəymiş mülki evlərə, tarixi-mədəni abidələrə, iri ticarət mərkəzlərinə və digər ictimai obyektlərə baş çəkməklə araşdırma aparıb.
Müvəkkil Ermənistan silahlı qüvvələrinin mülki əhalinin sıx yaşadığı əraziləri atəşə tutması nəticəsində yaralanmış şəxslərlə, habelə zərərçəkmiş şəhər sakinləri ilə görüşüb.
Xəbər verildiyi kimi, 4-5 oktyabr tarixlərində Ermənistan silahlı qüvvələri Gəncə şəhərini Ermənistan Respublikasının ərazisindən ağır artilleriya və raket atəşinə tutub. Nəticədə, şəhərin bir dinc sakini həlak olub, 30 nəfər yaralanıb. **
X.Nəsirzadə