Azərbaycan Qarabağda erməni əhalisi və hərbçiləri üçün humanitar dəhlizlər təşkil etməyə hazırdır. Bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov deyib.
“Azərbaycan tərəfi hərbi əməliyyatlar zonasında beynəlxalq humanitar hüquq normalarına riayət etməklə erməni əhalisi üçün humanitar dəhlizlər açmağa hazırdır. Müraciət könüllü təslim olmaq istəyən hərbi qulluqçulara da şamil edilir”, - Eyvazov bu gün brifinqdə bildirib.
Həmçinin, mətbuat katibi qeyd edib ki, Ermənistan silahlı qüvvələri öz ərazisindən raket zərbələri endirərək, Azərbaycanın şəhər və rayonlarının sıx məskunlaşmış məntəqələrini intensiv atəşə tutmağa davam edir.
“Böyük itkilər verən Ermənistan silahlı qüvvələri son günlər ərzində öz ərazisindən Azərbaycanın şəhər və rayonlarının sıx məskunlaşmış məntəqələrinə raket zərbələri endirir. Belə ki, ötən dövr ərzində Gəncə, Mingəçevir, Beyləqan, Goradiz, Tərtər, Ağcabədi, Bərdə şəhərləri, o cümlədən Tərtər, Göygöl və goranboy rayonları raket-artilleriya atəşinə məruz qalıb. şəhərlərimizi Cermuk, Qafan və Berd rayonu ərazisindən raket atəşinə tutur. Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələrinin Radiolokasiya sistemlərinin texniki vasitələri Ermənistanın Cermuk, Qafan və Berd rayonları ərazisində yerləşən start mövqelərindən Azərbaycan ərazisinə atılan raket buraxılışını qeydə alıb. Ermənistan silahlı qüvvələrinin bütün bu hərbi cinayətləri Azərbaytcan Silahlı Qüvvələri tərəfindən cavab atəşinin açılması üçün təxribata yönəlib”, - Eyvazov qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan Ordusu cəbhənin bütün istiqamətlərində üstünlüyü əlində saxlayaraq uğurlu əks-hücum əməliyyatı həyata keçirir. **
X.Nəsirzadə