Ermənistan silahlı qüvvələri Bakı-Tblisi-Ceyhan neft kəmərinin bir hissəsinə raket zərbələri endirib. Bu barədə Baş Prokurorluq məlumat verir.
“Ermənistan silahlı qüvvələri 6 oktyabr tarixində saat 21:00 radələrində Bakı-Tblisi-Ceyhan neft kəmərini hədəfə almaqla kəmərin Yevlax rayon ərazisindən keçən hissəsinə raket zərbələri endirib. Azərbaycan Ordusunun qətiyyətli tədbirləri nəticəsində həmin terror cəhdinin qarşısı alınıb”, - məlumatda deyilir.
Hazırda “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan çıxarılan neft və “Şahdəniz” yatağından çıxarılan kondensat BTC boru kəməri ilə nəql olunur. Həmçinin, SOCAR şirkətinin nefti nəql olunur. O cümlədən, BTC ilə Türkmənistan, Qazaxıstan və Rusiya neftinin nəqli həyata keçirilir.
BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 mln. tondan çoxdur.
Layihənin iştirakçıları BP (30,1%); SOCAR (25%); “Chevron” (8,9%); “Statoil” (8,71%); TPAO (6,53%); ENI (5%); “Itochu” (3,4%); “ExxonMobil” (2,5%); INPEX (2,5%), “Total” (5%) və ONGC (2,36%) şirkətləridir.**
B.Rüstəmbəyov