Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi zonasında hazırda müşahidə olunan vəziyyətlə bağlı Rusiyanın mövqeyini məsuliyyətli hesab edir.
“Təbii ki, Rusiya ilə bizim uzun tarixi münasibətlərimiz var. İndiki dönəmdə Rusiya həm Ermənistanla, həm də Azərbaycanla əlaqələrini inkişaf etdirir. Bu, çox önəmli faktdır. Ona görə nə ikitərəfli formatda, nə də ki, Minsk qrupu çərçivəsində hər hansı bir problem yoxdur. Bu hadisələr dönəmində də Rusiyanın mövqeyi məsuliyyətli mövqedir”, - deyə Əliyev “CNN-Türk” televiziyasına müsahibəsində bildirib.
Dağlıq Qarabağ münaqişəsində Tehranın mövqeyinə toxunan dövlət başçısı qeyd edib ki, İran rəsmiləri Azərbaycanın haqq işini dəstəklədilər. “Bir-iki gün bundan əvvəl İranın rəsmi şəxsləri açıqlamalar vermişlər ki, işğala son qoyulmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və bizim köçkünlərimiz öz torpaqlarına qayıtmalıdırlar”, – deyə o vurğulayıb.
Prezident Azərbaycanın münaqişə ilə bağlı ABŞ-ın da mövqeyindən razı olduğunu diqqətə çatdırıb. “Amerika da Minsk qrupunun həmsədridir. Digər iki həmsədrlə birlikdə bu işlərdə iştirak edir. Amerika prezidenti ilə mənim hər hansı bir təmasım olmamışdır. Ancaq Amerikanın yüksəksəviyyəli rəsmiləri bu işlərlə, bu hadisələrlə bağlı təbii ki, öz fikirlərini bildirmişdilər. Eyni zamanda, Tramp da bu məsələ ilə bağlı açıqlama vermişdir. Hesab edirəm ki, tam, məntiqli bir açıqlama idi. Amerika ilə bizim ikitərəfli formatda əlaqələrimiz uğurla inkişaf edir. Bir çox sahələrdə biz tərəfdaş kimi fəaliyyət göstəririk. Təbii ki, Amerika superdövlət kimi, bu məsələ ilə də bağlı öz sözünü deyir. Biz Amerikanın mövqeyindən də razıyıq”, - deyə İ.Əliyev əlavə edib.*
Ə.Məmmədov