Azərbaycan Silahlı Qüvvələrinin arsenalında Türkiyə istehsalı olan silahlı pilotsuz uçuş aparatlarının olması Qarabağ döyüşlərində bizə böyük üstünlük verib. Prezident İlham Əliyev belə hesab edir.
“Türkiyə istehsalı olan silahlı pilotsuz uçuş aparatları çox müasir, çağdaş texnologiyalar əsasında yaradılmış silah növüdür və dünyada cəmi bir neçə ölkə var ki, belə imkanlara malikdir. Bu da Türkiyənin həm texnoloji, həm iqtisadi, həm intellektual potensialının təzahürüdür”, - deyə dövlət başçısı “CNN-Türk” televiziyasına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycanda belə pilotsuz uçuş aparatlarının olması işimizi asanlaşdırır və insanlarımızın, əsgərlərimizin həyatını xilas edir. “Çünki onlar olmasaydı, havadan vurulan həmin tankları, topları və digər erməni texnikasını biz gərək yerdən vuraydıq. O da çox böyük insan itkisinə gətirib çıxara bilərdi. Bu aparatlar insan itkisinin yüksək rəqəmlərlə ölçülməməsi üçün bizə böyük üstünlük verir”, - deyə Əliyev əlavə edib.*
N.Abbasova