Azərbaycan özü Dağlıq Qarabağ münaqişəsi üzrə status-kvonu dəyişir və bu, münaqişənin ən tez zamanda həlli istiqamətində mühüm addım olacaq. Bu sözləri prezident İlham Əliyev deyib.
“Minsk qrupunun həmsədrləri - ABŞ, Rusiya və Fransa, onların prezidentləri dəfələrlə bəyanatlar veriblər ki, status-kvo qəbuledilməzdir. Ermənistan buna məhəl qoymadı, indi isə Azərbaycan özü status-kvonu dəyişir və düşünürəm ki, bu, münaqişənin ən tez zamanda həlli istiqamətində mühüm addım olacaq”, - deyə dövlət başçısı “Euronews” televiziyasına müsahibəsində bildirib.
Əliyev vurğulayıb ki, hazırda döyüşlər Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində gedir.
“İndi Ermənistan çox acı məğlubiyyətlə üzləşəndə onlar atəşkəs üçün yalvarırlar. Atəşkəsi onlar özləri pozdular, Ermənistan qoşunlarının tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymurlar. Onlar status-kvonu dəyişməz olaraq saxlamaq istəyirlər. Əlbəttə, biz təəssüflənirik ki, mülki şəxslər qətlə yetirilir. Sözsüz ki, bu hücumu biz törətməmişik, hücumun mənbəyi olmamışıq. Çünki bu, sentyabrın 27-də səhər onların etdiyi ilk iş oldu. Onlar bizim şəhər və kəndlərimizə hücum etdilər və biz cavab verməli olduq. Lakin bizim cavabımız əsasən və başlıca olaraq onların hərbi mövqelərinə, tanklarına və silahlarına oldu. Bizim dronlarımız və digər avadanlıqlarımız yalnız işğal olunmuş ərazilərdə hərbi hədəfləri məhv edir. Əfsuslar ki, Ermənistan yerlərdə daha çox adamın olması üçün mülki şəxslərdən istifadə edir. Çünki onların demoqrafik vəziyyəti çox pisdir və bizdə, sadəcə, silahların yanında mülki şəxslərin olması ilə bağlı videolar var və əlbəttə ki, əgər şəxs oradadırsa...”, – deyə İ.Əliyev əlavə edib.*
A.Əzizov