“Moody`s Investors Service” beynəlxalq reytinq agentliyi «Bank Respublika» ASC-nin uzunmüddətli kredit reytinqini “B3” səviyyəsində təsdiq edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Reytinqin təsdiq olunması bankın yüksək kapitallaşması, səhmdarların dəstəyi, mənfəətin artması və eləcə də bankın yetərli qədər likvidliyi ilə bağlıdır.
“Moody`s” mütəxəssisləri bankın kapital göstəricilərinin yaxın 12-18 ay ərzində sabit qalacağını və bunun maliyyə ehtiyatlarının yaradılması üzrə xərclərin mümkün artması təqdirdə, kapitalın daxili artım potensialı sayəsində mümkün olacağını qeyd ediblər.
“Kreditlərin ümumi aktivlərdəki payının yüksək olmaması və likvid vəsaitlərin buferinin yetərli səviyyəsi “Bank Respublika”ya rəqib banklarla müqayisədə daha yüksək risklərin qarşılanmasına imkan yaradır. Bundan başqa, 2020-ci ilin avqust ayının sonuna I dərəcəli kapitalın adekvatlıq əmsalı 10,7%, məcmu kapitalın adekvatlıq əmsalı isə 15,9% təşkil edib ki, bu da minimal normativ tələblərdən müvafiq olaraq 5%-dən və 10%-dən çoxdur”, - deyə bankdan “Moody`s”in məlumatına istinadən bildiriblər.
“Bank Respublika” 1992-ci il fevral ayının 17-də yaradılıb və Azərbaycanın aparıcı banklarının beşliyinə daxildir. Bankın səhmdarları sırasında Almaniyanın ən iri maliyyə institutları - KfW bank qrupunun üzvü DEG İnvestisiya Korporasiyası və “Sparkassen-Finanzgruppe” maliyyə qrupunun üzvü SIDT yer alır. Bankın ən iri səhmdarı 43,69% payla Natiq Quliyevdir. Bankın kapitalında Almaniyanın DEG qrupu 16,6%, SIDT 4,25% paya malikdir.*
Ə.Məmmədov