Bakı və Astana Qazaxıstan mənşəli karbohidrogen məhsullarının Azərbaycan ərazisindən tranzit həcmlərinin artırılması ilə bağlı birgə təhlil aparacaq. Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
“Azərbaycan və Qazaxıstanın energetika nazirlərinin müavinləri - Samir Vəliyev və Aset Maqauovun həmsədrliyi ilə “Qazaxıstanın neft və neft məhsullarının Azərbaycan üzərindən tranziti” və “Qazaxıstan mənşəli mayeləşdirilmiş təbii qazın Xəzər dənizi vasitəsilə Azərbaycana çatdırılması və nəqli” üzrə İşçi qruplarının videokonfrans formatında ikinci iclası keçirilib”, - deyə məlumatda bildirilir.
İclasda Qazaxıstan nefti, neft məhsulları və mayeləşdirilmiş qazının mövcud infrastrukturlar vasitəsilə tranzit həcmlərinin artırılması perspektivləri müzakirə olunub.
“Qazaxıstan mənşəli karbohidrogen məhsullarının ölkəmizin ərazisindən tranzit həcmlərinin artırılması ilə bağlı Azərbaycan və Qazaxıstan mütəxəssisləri tərəfindən qısa müddət ərzində birgə texniki və iqtisadi təhlilin aparılması razılaşdırılıb”, - deyə məlumatda qeyd olunur.*
N.Abbasova