Kürd Fəhlə Partiyasının (PKK) silahlı birləşmələri Qarabağ münaqişəsi zonasında Ermənistan ordusunun tərəfində döyüşür. Bunu Türkiyənin ABŞ-dakı səfiri Serdar Kılıç deyib.
"Cənubi Qafqazdakı döyüş zonasında həqiqətən muzdlular və terrorçular var, lakin onlar Ermənistan silahlı qüvvələrinin tərəfində vuruşurlar. Söhbət PKK terror təşkilatının silahlılarından gedir", - deyə “Anadolu” agentliyi bu gün səfirə istinadən məlumat yayıb.
"PKK terrorçularının İraqın şimalından Ermənistana göndərilməsi ilə bağlı dəlillər var", – deyə o bildirib.
Səfir Türkiyənin Qarabağ münaqişəsi zonasında gedən döyüşlərdə Azərbaycanın tərəfində iştirak etmək üçün Suriyadan silahlılar göndərməsi ilə bağlı məlumatları uydurma adlandırıb. "Türkiyə Azərbaycana suriyalı döyüşçülər göndərməyib və onları maliyyələşdirmir", - deyə diplomat vurğulayıb.
S.Kılıç, həmçinin qeyd edib ki, Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağdan çıxarılmadan beynəlxalq birliyin, o cümlədən ATƏT-in Minsk Qrupunun münaqişənin həlli istiqamətində səyləri uğursuzluğa məhkumdur.
“ATƏT-in Minsk Qrupunun "sülhməramlı" səyləri status-kvonu saxlanması və atəşkəs rejiminin təmin edilməsi ilə məhdudlaşır, danışıqlar prosesində heç bir irəliləyiş yoxdur. Ermənistan BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tələb etdiyi kimi qoşunlarını Azərbaycandan çıxararsa, döyüşlər bir gecədə bitəcək. Hər hansı digər səylər uğursuzluğa məhkumdur", - deyə o əlavə edib.*