2040-cı ilədək Bakıda metro stansiyalarının sayı 25-dən 51-ə çatdırılacaq. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təqdim etdiyi Bakı şəhərinin Baş Planının layihəsində deyilir.
“Metro nəqliyyatı sistemi Bakı şəhərinin ictimai nəqliyyat sistemində aparıcı rol oynamaqda davam edəcək və aqlomerasiyanın ən sıx məskunlaşmış əraziləri ilə mərkəz ərazilər arasında əsas ictimai nəqliyyat əlaqəsini təmin edəcək. “28 May” stansiyası metro şəbəkəsinin mühüm əhəmiyyətə malik mərkəzi qovşağı olaraq qalacaq. 2040-cı ilədək metro xətləri şəbəkəsinin ümumi uzunluğunun hazırkı 36,7 kilometrdən 76,2 kilometrə, stansiyaların sayının isə 25-dən 51-ə çatdırılması nəzərdə tutulur”, – deyə layihədə qeyd olunur.
2027-ci ilədək “28 May”-“Cəfər Cabbarlı” keçid stansiyasında yaşıl və qırmızı xətlərinin bir-birindən ayrılması və yeni dəstəkləyici infrastrukturun yaradılması planlaşdırılır.
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropoliten 3 xətt (yaşıl, qırmızı və bənövşəyi) və 25 stansiyadan ibarətdir. Sərnişin daşımalarının illik həcmi 200 milyon nəfəri ötür.*
N.Abbasova