Azərbaycanla sərhəddə qanunsuz silahlı birləşmələrin tərkibində döyüşlərdə iştirak etmiş iki etnik erməni - Fransa və Gürcüstan vətəndaşları barəsində cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
“Fransa Respublikasının vətəndaşı Artur Oqanisyan və Gürcüstan vətəndaşı Vaaqn Çaxalyanın Ermənistanda və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində olan şəxslərlə cinayət əlaqəsinə girib cinayətkar birlik tərkibində birləşərək “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanunun və Miqrasiya Məcəlləsinin tələblərinə zidd olaraq Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədininnəzarət-buraxılış məntəqələrindən kənarda, yəni, Ermənistan ərazisindən qanunsuz keçərək Xankəndi şəhəri və işğal altında olan digər yaşayış məntəqələrinə gəlmələrinə, “Dağlıq Qarabağrespublikası” adı altında fəaliyyət göstərən qanunsuz rejimin dəstəklənməsi məqsədilə Azərbaycan Respublikasının dinc vətəndaşlarına və antiterror əməliyyatlarını həyata keçirən silahlıqüvvələrinə qarşı, eləcə də Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsinə yönələn təcavüzkar müharibədə Ermənistan Respublikasının siyasi-hərbi rejimi tərəfindən hərbi münaqişədəmuzdlu kimi istifadə edilmələrinə əsaslı şübhələr müəyyənləşdirilib. Həmçinin araşdırmalarla həmin şəxslərin qanunsuz olaraq əldə etdikləri odlu silahlardan, döyüş sursatlarından və komplekt hissələrindən istifadə etməklə Azərbaycan Respublikası vətəndaşlarına qarşı terrorçuluq fəaliyyətində iştirak etmələrinə şübhələr üçün əsaslar müəyyən olunub”, - deyə məlumatda bildirilir.
Baş Prokurorluq tərəfindən həmin şəxslərin vətəndaşı olduqları ölkələrin səlahiyyətli qurumlarına hüquqi yardım haqqında sorğular göndərilib.
Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.*
X.Nəsirzadə