Ermənistan silahlı qüvvələrinin Ağdam rayonunun Quzanlı qəsəbəsini raket və artilleriya mərmilərindən atəşə tutması nəticəsində 4 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Baş Prokurorluqdan məlumat verilib.
“İşğalçı ölkənin silahlı qüvvələrinin yaşayış məntəqələri və mülki əhalini hədəfə almaqla oktyabrın 9-da saat 14 radələrindən başlayaraq Ağdam rayonunun Quzanlı qəsəbəsini müxtəlif istiqamətlərdən raket və artilleriya mərmilərindən intensiv atəşə tutub. Nəticədə qəsəbə sakinləri 1979-cu il təvəllüdlü Hüseynov Əlizamin Cavid oğlu, 1978-ci il təvəllüdlü Zeynalov Elçin Əli oğlu,1984-cü il təvəllüdlü Məmmədova Lalə Məhəmməd qızı və 1992-ci il təvəllüdlü Rzayev Elçin Hənifə oğlu qəsəbə ərazisinə mərmi düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər”, – deyə məlumatda bildirilir.
Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.*
N.Abbasova