Energetika naziri Pərviz Şahbazov 27 sentyabr tarixindən etibarən Ermənistanın Azərbaycanda mülki əhalini və strateji əhəmiyyətli enerji infrastrukturunu hədəfə alan davamlı hərbi təxribatları barədə beynəlxalq enerji təşkilatlarına rəsmi müraciət ünvanlayıb.
“Müraciət Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC), Qaz İxrac edən Ölkələr Forumu (GECF), Beynəlxalq Enerji Xartiyası, Beynəlxalq Enerji Agentliyi (İEA), Dünya Neft Şurası (WPC), Dünya Enerji Şurası (WEC) və Beynəlxalq Qaz İttifaqına (IGU) göndərilib”, - deyə Energetika Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.
Müraciətdə 04 oktyabr 2020-ci il tarixində regionun ən böyük elektrik stansiyası olan Mingəçevir istilik elektrik stansiyası, 06 oktyabr 2020-ci il tarixində isə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin raket zərbələri ilə atəşə tutulması, həmçinin Cənubi Qafqaz Boru Kəməri, Qərb İxrac Boru Kəməri ətrafında təhlükəli vəziyyətin yaranması regional və beynəlxalq enerji təhlükəsizliyinə, bu layihələrdə təmsil olunan dövlətlərin maraqlarına qarşı yönəlmiş terror cəhdləri kimi vurğulanıb.
“Müraciətdə beynəlxalq ictimaiyyət və tərəfdaş ölkələrin Ermənistanın işğalçılıq siyasətinə, strateji əhəmiyyət daşıyan beynəlxalq layihələri, o cümlədən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərini raket hücumlarının hədəfinə çevirməsinə sərt şəkildə reaksiya verməsinə çağırış edilib”, - deyə məlumatda qeyd olunur.*
N.Abbasova