Ermənistan məqsədyönlü şəkildə dövlət sərhədində təxribat törədib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
“Oktyabrın 9-da saat 20:00 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Daşkəsən sahəsində yerləşən Azərbaycan Ordusunun müdafiə mövqelərindən Ermənistan ərazisində atışma səsləri və partlayış müşahidə olunub. Ermənistanın Vardenis rayonunun Günəşli və Ağyoxuş kəndlərində yerləşən düşmən mövqelərindəki hərbi qulluqçular əvvəlcə müxtəlif atıcı silahlardan bir-birinə doğru atəş açmışlar. Bir az sonra isə Günəşli kəndində partlayış baş verib və yanğın müşahidə edilib”, - deyə məlumatda bildirilir.
“Bildiririk ki, baş verən insidentə Azərbaycan Ordusu bölmələrinin heç bir aidiyyəti yoxdur. Bu təxribat, erməni xalqı və beynəlxalq aləmin diqqətinin Ermənistan rəhbərliyinin hərbi və siyasi meydanda uğradığı iflasdan yayındırmaq məqsədi daşıyır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi düşmənin bu təxribatını kəskin qınayır və bu əmələ görə bütün məsuliyyətin Ermənistan tərəfinin üzərinə düşdüyünü bildirir”, - deyə məlumatda qeyd olunur.*
B.Rüstəmbəyov