Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasında humanitar atəşkəsin elan olunması ilə bağlı Rusiya prezidenti Vladimir Putinin səylərini yüksək qiymətləndirir. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Bakı Rusiya prezidentinin humanitar atəşkəsin təmin edilməsi təşəbbüsünü yüksək qiymətləndirir. Lakin təəssüf ki, ötən müddət ərzində döyüşlər davam etdiyi üçün bu əməliyyatların başlanmasına şərait yaradılmayıb. Ermənistan hücum əməliyyatları keçirməyə cəhd edib və geri oturdulub. Bununla Ermənistan növbəti dəfə təxribatçı üzünü göstərdi”, - deyə Bayramov bu gün keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, humanitar atəşkəs həlak olmuş hərbçilərin cəsədlərinin çıxarılmasını, əsirlərin və saxlanılmış digər şəxslərin mübadiləsinin həyata keçirilməsini nəzərdə tutur və bu işlərlə bağlı koordinasiya Beynəlxalq Qırmızı Xaç Komitəsinə həvalə edilib.*
A.Əzizov, Ə.Məmmədov