Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bəyan edib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə danışıqlara hazır olduğunu əməldə nümayiş etdirməlidir.
“Biz vəziyyəti nəzarətdə saxlamalıyıq - Ermənistan verdiyi bəyanatda danışıqlara hazır olduğunu bildirib. Ermənistan atəşkəsin elan olunmasını çox istəyirdi və müxtəlif təşkilatlara müraciət edirdi. İndi onlar danışıqlara və münaqişənin sülh yolu ilə həllinə ciddi şəkildə hazır olduqlarını nümayiş etdirməlidirlər. Onlar bənzər bəyanatlar verirlər, amma həqiqətən də bu prinsipə əməl edib-etməyəcəklərini yaxın gələcəkdə görəcəyik”, – deyə Bayramov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, Azərbaycan danışıqlar prosesinin imitasiyasına imkan verməyəcək.
“Substantiv danışıqlar” və “ən qısa müddətdə” anlayışları bəyanata xüsusi olaraq əlavə edilib, çünki biz uzun illər ərzində danışıqların deyil, onların imitasiyasının şahidi olmuşuq. Ermənistan tərəfi danışıqlar prosesini müxtəlif səbəblərdən daim pozub. Hesab edirik ki, indi hər kəs danışıqların imitasiyasına yol verməyəcəyimizi başa düşür”, - deyə Bayramov vurğulayıb.
Danışıqların müddətinə və formatına toxunan XİN başçısı bildirib ki, hazırda görüşlərin vaxtı barədə konkret məlumat yoxdur. “Vəziyyət kifayət qədər gərgin və qeyri-sabitdir. İntensiv döyüşlərin getdiyi bir vaxtda danışıqlardan danışmaq çətindir. Formata gəlincə, heç bir dəyişiklik yoxdur, həmsədrlərin xarici işlər nazirləri ilə görüş formatı (“3+2” - İF) davam etdiriləcək”, - deyə Bayramov əlavə edib.
Öz növbəsində, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva “İnterfaks-Azərbaycan” agentliyinə bildirib ki, həmsədrlərin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ayrı-ayrılıqda görüşüb-görüşməyəcəyi hələ məlum deyil. “3+2” formatı saxlanılacaq, lakin bunun “3+1” və “3+1” olacağı, yoxsa həmsədrlərin xarici işlər nazirləri ilə birlikdə görüşüb-görüşməyəcəyi hələ məlum deyil”, - deyə Abdullayeva vurğulayıb.*
A.Əzizov