Ermənistan tərəfindən imitasiya prosesi həyata keçirilərsə, hərbi əməliyyatların bərpa edilməsi riski hər zaman mövcuddur. Bunu xarici işlər naziri Ceyhun Bayramov bu gün keçirilən mətbuat konfransında deyib.
“Ermənistan ciddi şəkildə öz öhdəliklərini yerinə yetirməlidir, əks halda hərbi əməliyyatların bərpa edilməsi mümkünlüyünü istisna etmirik. Artıq Ermənistan götürdüyü öhdəlikləri pozur və müvəqqəti atəşkəsin elan olunmasına baxmayaraq, hərbi əməliyyatlar davam edir”, - deyə nazir bildirib.
Öz növbəsində, Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qeyd edib ki, Qarabağda hərbi əməliyyatlar Ermənistanın iqtisadiyyatına çox ciddi zərbə vurub.
“Müharibənin hazırkı xarakteri təkcə ərazilərin qaytarılması yolu ilə taktiki üstünlük qazanmağı deyil, həm də uzunmüddətli strategiyanın mövcudluğunu nəzərdə tutur. Hərbi əməliyyatlar Ermənistanın siyasi, hərbi və iqtisadi resurslarını əhəmiyyətli dərəcədə zəiflətdi ki, bu da uzunmüddətli perspektivdə ona Azərbaycana qarşı hərbi təxribat törətməyə imkan verməyəcək”, - deyə Hacıyev vurğulayıb.
Prezidentin köməkçisi əlavə edib ki, Azərbaycan Ordusunun döyüş əməliyyatları birbaşa bu hədəfə çatmağa yönəlmişdi.*
Ə.Məmmədov