ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan və Azərbaycanı hərbi əsirlərin və həlak olanların cəsədlərinin mübadiləsinin təşkili üçün təhlükəsizlik təminatları verməyə çağırıblar.
“Həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə cəsədlərin və əsirlərin geri qaytarılması üsulları və maddi-texniki məsələləri ilə bağlı intensiv müzakirələr aparır. Biz tərəfləri təcili olaraq bütün lazımi təhlükəsizlik və logistik təminatları təmin etməyə çağırırıq”, - deyə vasitəçilərin bu gün ATƏT-in saytında dərc olunmuş bəyanatında bildirilir.
Minsk qrupunun həmsədrləri Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin humanitar atəşkəslə bağlı birgə bəyanatını alqışlayır və tərəfləri öhdəlikləri tam şəkildə yerinə yetirməyə çağırır.
“Həmsədrlər atəşkəsin konkret parametrləri barədə razılığa gəlmək üçün göstərilən səylərə vasitəçilik etmək və razılaşdırılmış prinsiplər və format əsasında həll yoluna çatmaq məqsədilə intensiv substantiv danışıqların aparılması ilə bağlı tərəflərlə fəal təmasdadır”, - deyə bəyanatda vurğulanır.*