Azərbaycan Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinin raket atəşinə tutulması barədə bütün məlumatları beynəlxalq təşkilatlara təqdim edib. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Hazırda Gəncəyə endirilən raketin trayektoriyasının öyrənilməsi üzərində iş gedir. İlkin məlumatlara əsasən, zərbə Dağlıq Qarabağda Azərbaycanın işğal olunmuş ərazilərindən endirilib. Bu, erməni hərbçilərinin məqsədyönlü və rəzil zərbəsi idi. Ermənistanın siyasi-hərbi rəhbərliyi Azərbaycan xalqına qarşı bu soyqırım aktına görə məsuliyyət daşıyır”, - Hacıyev bazar günü jurnalistlərə bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycan tərəfi vəziyyəti qiymətləndirir.
“Eyni zamanda, biz Azərbaycan şəhərlərinin atəşə tutulduğu bütün legitim hərbi obyektləri məhv etmək hüququnu qoruyuruq”, - Hacıyev əlavə edib. **
A.Əzizov