Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) gərginləşən Dağlıq Qarabağ münaqişəsi üzrə humanitar atəşkəslə bağlı razılıq əldə olunmasını təqdir edir və neytral vasitəçi qismində, hərbi əməliyyatlar zamanı həlak olmuş şəxslərin cənazələrinin qaytarılması və saxlanılan şəxslərin eyni zamanda azad edilməsi proseslərini təşkil etməyə hazırdır.
“BQXK dünyada baş verən münaqişələrdə uzun müddətə dayanan neytral vasitəçi qismində çıxış edir. Ümid edirik ki, bu proses qısa müddət ərzində həyata keçirilə bilər və əməliyyatlar zamanı həlak olan şəxslərin cənazələri onların ailələrinə verilərək layiqli şəkildə dəfn edilər”, - BQXK-nın Cenevrədə Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Martin Şüpp bəyan edib.
“Biz həmçinin, saxlanılan şəxslərin ailələrinə qovuşması üçün azad edilərək münaqişə tərəflərinə geri qaytarılması əməliyyatında yardımçı olmağa hazırıq”, - o əlavə edib.
Şüppin bəyanatı bazar günü BQXK-nin yayılan məlumatında qeyd olunur.
Bildirilir ki, sentyabr ayının sonlarında münaqişə alovlandığı zaman BQXK, humanitar ehtiyacları qarşılamaq və tərəflər arasında neytral vasitəçi qismində çıxış etmək üçün öz xidmətlərini təklif edib. BQXK, siyasi danışıqlara qatılmır.Silahlı münaqişələri tənzimləyən beynəlxalq humanitar hüquqa əsasən, münaqişə tərəfləri, hansı tərəfdə vuruşmasından asılı olmayaraq, bütün həlak olanları toplamaq və cənazələrini təxliyə etmək öhdəliyi daşıyır. BQXK tərəflərə həlak olanların beynəlxalq humanitar hüquqa uyğun olaraq kimliyinin müəyyən edilməsi ilə bağlı texniki tövsiyyələr verməyə, sonra isə cənazələrin qaytarılması prosesinə dəstək verməyə hazırdır.
“Biz tərəflərə müraciət edərək saxlanılan şəxslərin və həlak olanların qaytarılması, eləcə də təşkilati məsələlər və cəlb olunacaq əməkdaşlarımız üçün təhlükəsizlik zəmanətləri də daxil olmaqla BQXK-nın prosesə nə dərəcədə cəlb olacağını müzakirə etməyə hazır olduğumuzu bildirmişik. Ümid edirik ki, bu razılaşma iki həftə sürən ağır döyüşlərdən sonra ailələrin rahatlıq tapmasına səbəb olacaq”, - Şüpp bəyan edib. **