Kreml oktyabrın 9-da Moskvada Qarabağla bağlı üçtərəfli danışıqların yekunları üzrə əldə edilmiş atəşkəs razılaşmasının pozulması ilə bağlı xəbərləri görür və bölgədə vəziyyətin nizamlanması üçün bu razılaşmanın yerinə yetirilməsinin vacib olduğunu hesab edir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Bu təmasların (RF, Ermənistan, Azərbaycan XİN başçılarının - İF) nəticələrinə əsasən əldə edilmiş humanitar atəşkəsə dair qərarları yüksək qiymətləndiririk. İndi biz vəziyyəti çox diqqətlə müşahidə edirik, hər iki tərəfdən atəşkəsin pozulması ilə bağlı məlumatları görürük. Ancaq hesab edirik ki, gələcəkdə döyüş əməliyyatlarından tamamilə imtina etmək və bu münaqişənin siyasi və diplomatik vasitələrlə həllinə keçmək üçün əldə edilmiş razılaşmaların yerinə yetirilməsi son dərəcə vacibdir”, - deyə Peskov bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Kreml Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin prezident Putinin təşəbbüsünə cavab verərək Moskvaya gəlməsi faktını yüksək qiymətləndirir.
"Həmçinin prezidentlər Putin, Əliyev və baş nazir Paşinyan tərəfindən görülən işləri də yüksək qiymətləndiririk. Nazir Lavrovun erməni və azərbaycanlı həmkarları ilə saatlarla davam edən danışıqları bu işin nəticəsi oldu", - deyə o qeyd edib.*