Humanitar atəşkəslə bağlı razılaşmaya baxmayaraq, Ermənistan onu kobud şəkildə pozdu. Bunu prezident İlham Əliyev deyib.
“Atəşkəs rejimi tətbiq olunandan sonra Ermənistan demək olar ki, dərhal öz çirkin əməllərini davam etdirmişdir. Biz bir müddət ara vermişdik, çünki biz sözümüzə sadiqik. Bir halda ki, bu atəşkəs haqqında açıqlama verilmişdir, biz ümid edirdik ki, bundan sonra Dağlıq Qarabağ məsələsi siyasi yollarla həll ediləcək. Çünki hesab edirdik ki, hərbi mərhələ artıq başa çatıb, təcavüzkar döyüş meydanında dərsini alıb və bundan sonra reallıqlarla hesablaşıb, diplomatik müstəvidə müsbət yanaşma göstərəcək. Ancaq təəssüf ki, biz bunu görmədik və saat 12-dən qüvvəyə minməli olan atəşkəs Ermənistan tərəfindən pozulmuşdur”, - deyə dövlət başçısı "Haber Global" televiziya kanalına müsahibəsində bildirib.
O əlavə edib ki, gecə saatlarında mülki şəxslərə qarşı dəhşətli cinayət törədilib. Ermənistan silahlı qüvvələri Gəncə şəhərini raket atəşinə tutub və bunun nəticəsində mülki vətəndaşlar həlak olub və yaralanıb.
“Bu, erməni faşizminin eybəcər sifətinin növbəti təzahürüdür. Artıq dünya erməniliyi, Ermənistanın havadarları, onların hamiləri və islamofob dairələr bu cinayəti gizlədə bilməyəcəklər. Çünki artıq hər şey göz qabağındadır. Dünən o hadisə yerində təşkil olunan mətbuat açıqlamaları və bu gün oraya gedən xarici səfirliklərin nümayəndələri öz gözləri ilə hər şeyi görürlər. Bir daha görürlər ki, bu münaqişənin səbəbkarı kimdir. Kim təcavüzkar siyasət aparır, kim mülki əhaliyə qarşı cinayət törədir”, - deyə Əliyev vurğulayıb.*
X.Nəsirzadə