Prezident İlham Əliyev Qarabağda yeni yaşayış məntəqələrinin erməni işğalından azad olunduğunu elan edib.
“Müzəffər Azərbaycan Ordusu hər gün yeni hərbi uğurlara imza atır. Hər gün, demək olar ki, hansısa bir şəhər və ya kənd işğaldan azad edilir, yaxud həmin kəndlər nəzarət altına alınır. Bu gün deyə bilərəm ki, bir neçə yaşayış məntəqəsi bizim tam nəzarətimiz altındadır. Sadəcə olaraq o yaşayış məntəqələrinə biz hələ girməmişik. Çünki hərbi nöqteyi-nəzərdən buna ehtiyac yoxdur. Ancaq müəyyən müddətdən sonra biz növbəti elanlar edəcəyik”, - deyə dövlət başçısı Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində bildirib.
O qeyd edib ki, bütün cəbhə boyu istiqamətlərdə Ermənistan məğlubiyyətə uğrayır və belə olan halda öz heyfini mülki əhalidən çıxarmaq istəyir.
“Gəncəyə hücumun səbəbkarı Ermənistanın hərbi-siyasi rəhbərliyidir. Bizdə olan məlumata görə, bu qərar şəxsən Paşinyan tərəfindən verilib. Onun mənəvi-psixoloji durumu çox gərgindir və qeyri-adekvat qərarlar verir. Məsəl üçün, bir neçə dəfə Hadrutu yenə işğal altına salmaq üçün onlar cəhd ediblər. Mənə səhər verilən məlumata görə, bu gecə Ermənistandan gəlmiş xüsusi təyinatlılardan ibarət böyük bir qrup Hadrutu yenidən işğal etməyə çalışıb. Halbuki strateji nöqteyi-nəzərdən bunun Ermənistan üçün böyük önəmi yoxdur. Sadəcə olaraq gedib orada selfi çəkdirmək, yaxud öz əhalisinə hesabat vermək üçün belə addım atırlar. Bu qrup zərərsizləşdirilib. Orada bu gecə Ermənistanın verdiyi qurbanlar sırf Paşinyanın məsuliyyətsizlik və yırtıcı siyasətinin nəticəsidir”, - deyə Əliyev vurğulayıb.
Prezident qeyd edib ki, Hadrutun bütün ətrafı Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. “Amma şəhərə girək, ya girməyək – bu, başqa məsələdir”. – deyə o əlavə edib.*
B.Rüstəmbəyov