Türkiyə olmasaydı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi daha da geniş coğrafiyaya sıza bilərdi. Bu sözləri prezident İlham Əliyev deyib.
“Əlbəttə ki, ilk günlərdən, ilk saatlardan qardaş Türkiyədən göstərilən dəstək, mənim qardaşım hörmətli Prezident Rəcəb Tayyib Ərdoğandan səslənən dəqiq açıqlamalar, eyni zamanda, digər yüksəksəviyyəli şəxslərin açıqlamaları həm Azərbaycana mənəvi dəstək verdi, eyni zamanda, bütün dünyaya göstərdi ki, Türkiyə Azərbaycanın yanındadır. Əgər belə olmasaydı, ola bilərdi ki, artıq Ermənistan-Azərbaycan arasında olan bu münaqişə daha da geniş coğrafiyaya sıza bilərdi”, - deyə dövlət başçısı “Haber Global” televiziya kanalına müsahibəsində bildirib.
O əlavə edib ki, Azərbaycan Ermənistanın təcavüzü ilə bağlı, hətta Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulmasından sonra belə dünya birliyindən reaksiya gözləmir.
“Biz çox da gözləmirdik, buna heç ehtiyac da yoxdur. Çünki bu uzun illər ərzində biz gördük ki, həqiqəti eşitmək istəmirlər, yaxud da ki, həqiqəti pərdələmək istəyirlər, məlumatları, gerçək faktları təhrif edirlər. Bunun da səbəbləri kifayət qədər çoxşaxəlidir. Ona görə, bizim əsas işimiz ondan ibarət idi ki, bu məsələni həll edək, tarixi ədaləti, öz ərazi bütövlüyümüzü bərpa edək. Bunu etmək üçün bizdə kifayət qədər güc var. Biz haqq yolundayıq. Həm beynəlxalq hüquq baxımından, həm tarixi ədalət baxımından biz haqlıyıq. Biz öz torpağımızdayıq, öz torpağımızda vuruşuruq. Erməni əsgəri bizim torpaqlarımızdan çıxarsa, bu münaqişəyə də son qoyulacaq”, - deyə İ.Əliyev vurğulayıb.*
N.Abbasova