Türkiyə Dağlıq Qarabağ münaqişəsinin siyasi yollarla həll olunmasında fəal rol oynamalıdır. Bu sözləri prezident İlham Əliyev deyib.
“Türkiyənin bəzi mətbuat orqanlarında yazılır ki, nə üçün Türkiyə Moskvada olmamışdı. Təbii ki, bu, indiki mərhələdə nəzərdə tutulmurdu. Heç Türkiyə qarşısında da belə bir vəzifə durmurdu. Bu, danışıqlar prosesi deyil. Bu, sadəcə olaraq, humanitar əsaslarla tətbiq olunan atəşkəsdir. Yəni, bu, danışıqların keçirilməsi üçün təşkil edilmiş tədbir deyildi”, - deyə dövlət başçısı “Haber Global” televiziya kanalına müsahibəsində bildirib.
“Danışıqlar bu günə qədər Minsk qrupu çərçivəsində aparılır. Ancaq bu danışıqların səmərəsi və heç bir nəticəsi yoxdur. Otuz ilə yaxındır ki, bir santimetr torpaq bizə müzakirə yolu ilə qaytarılmadı. Ona görə mən də tam haqlı olaraq dedim, bir halda ki, Minsk qrupu 1992-ci ildə formalaşdı və o zaman hansı əsaslarla formalaşdı, bu haqda bizdə heç bir məlumat yoxdur. Əgər Minsk qrupunun tərkibinə baxsanız görərsiniz ki, orada bu bölgədən uzaqlarda yerləşən ölkələr, bu bölgə ilə heç bir əlaqəsi olmayan ölkələr, münaqişə ilə heç vaxt maraqlanmayan ölkələr də var. Onların orada mövcudluğu formal xarakter daşıyır. Yaxşı, biz əgər bu münaqişənin həll olunmasını istəyiriksə, - amma biz istəyirik, - elə ölkələr olmalıdır ki, onların gücü də olsun, təsiri də olsun və bu tərkib birtərəfli olmasın. Nə üçün Türkiyə də həmsədr olmasın, onsuz da Minsk qrupunun üzvüdür. Bu gün Türkiyə nəinki bölgədə, dünya miqyasında güc mərkəzidir. Ancaq istənilən halda de-yure, ya da de-fakto Türkiyə mütləq bu problemin həllində olmalıdır və onsuz da var”, – deyə İ.Əliyev vurğulayıb.*
Ə..Məmmədov