Qarabağ erməniləri Azərbaycanın işğal olunmuş əraziləri azad edəcəyini səbirsizliklə gözləyir. Bunu "İnterfaks-Azərbaycan" agentliyinə Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının həmsədri, Qarabağ Erməniləri Hərəkatının rəhbəri Artur Ağacanov bildirib.
"Otuz il bundan əvvəl yüz minlərlə Azərbaycan ermənisi kimi mən və mənim yaxınlarım da öz evlərimizi tərk etməyə məcbur olub qaçqın vəziyyətinə düşmüşük. Bütün bunlar Qarabağ və Yerevan avantüristlərinin günahı ucbatından baş verib. Bunun bizə nə verdiyini görürük - bizim üçün yaxın olan Azərbaycan xalqı ilə çoxillik münaqişə. İnanıram ki, biz gələcəkdə Dağlıq Qarabağda azərbaycanlılarla sülh və dostluq şəraitində yaşayacağıq. Biz Azərbaycan Ordusu tərəfindən Qarabağın separatçı-terrorçu xuntadan azad olunmasını səbirsizliklə gözləyirik", - deyə Ağacanov bildirib.
Qarabağ fəalı inanır ki, işğal edilmiş ərazilər geri qaytarıldıqdan sonra Qarabağ azərbaycanlıları və erməniləri sülh şəraitində yaşaya biləcəklər.
"Qarabağ erməniləri əvvəllər də ermənilərin Azərbaycan xalqı ilə uyğunsuz olduğunu deyən R.Köçəryanın qurbanı olub. Cənab Köçaryana cavab verirəm: biz azərbaycanlılarla ən uyğun xalqıq. Türk soyadlarının daşıyıcıları olan Qarabağ erməniləri (Qarabağda belələri az deyil, o cümlədən Köçəryanın özü) isə azərbaycanlılarla və türklərlə ümumi köklərə malikdir. Vaxt gələcək, bu, müstəqil alimlər tərəfindən sübut ediləcək. Bütün bunlara baxmayaraq, biz Qarabağ erməniləri və Qarabağ azərbaycanlıları bir yerdə yaşayacağıq. Azərbaycanın tərkibində xüsusi statusla", - deyə Ağacanov vurğulayıb.
O qeyd edib ki, atəşkəs məhz Azərbaycan şəhərlərini bombardman etmiş Ermənistan tərəfinin təqsiri üzündən pozulub.
Ağacanov ərazilər azad edildikdən sonra Azərbaycanın yerli ermənilərə qarşı soyqırım törədəcəyi ilə bağlı Yerevanda, Xankəndidə səsləndirilən fikirləri də təkzib edib. "Ermənistanda bir nəfər də olsun azərbaycanlı və ya türk qalmayıbsa, onlar hansı soyqırımdan danışırlar? Onların hamısını qovublar, öldürüblər. Bunun fonunda Türkiyədə yüz minlərlə, Azərbaycanda isə 30 minə yaxın erməni yaşayır və işləyir. Heç kim ermənilərə toxunmur. Həm Türkiyənin, həm də Azərbaycanın digər xalqlarla çoxəsrlik birgə yaşama ənənələri vardır. Nə üçün Rusiya mətbuatı erməni lobbisinin təxribatlarına uyur və ermənilərin yeni "soyqırımı" haqda yalanlarını şişirdir? Bununla Rusiya mətbuatı Ermənistan-Azərbaycan münaqişəsini daha da qızışdırır və Azərbaycanda haqlı olaraq hiddətə səbəb olur", - deyə Ağacanov vurğulayıb.*
X.Nəsirzadə