2040-cı ilədək Bakı şəhərində küçə-yol şəbəkəsinin ümumi uzunluğu 2300 kilometrdən 2550 kilometrə (10,9%) çatdırılacaq. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu barədə Bakı şəhərinin Baş planının layihəsində deyilir.
“Hazırda paytaxtın küçə-yol şəbəkəsi əsasən radial-həlqəvi nəqliyyat marşrutları üzrə təşkil edilib. Gələcəkdə həmin nəqliyyat marşrutlarının inkişaf etdirilərək diaqonal marşrutlara çevirməsi ilə məntiqi tamamlandırılması prinsipi də əsas götürülərək paytaxtın yeni nəqliyyat planlaşdırılma sxemi hazırlanıb”, - deyə layihədə bildirilir.
Baş plana əsasən, 2027-ci ilin sonunadək paytaxtın şimal giriş-çıxış nəqliyyat probleminin əsaslı həll edilməsi məqsədilə Bakı və Sumqayıt şəhərlərini birləşdirəcək yeni magistral avtomobil yolu planlaşdırılıb.
“Xarici həlqəvi marşrutların tamamlanması məqsədilə “Xarici Dairəvi Yolu-Böyükşor-Ziya Bünyadov” həlqəvi marşrutunun, habelə “Lökbatan-Xocasən-Binəqədi-Böyükşor-Sabunçu” xarici həlqəvi yolunun yaradılması nəzərdə tutulur. “Zığ-Aeroport” şosesi vasitəsilə şəhərin şərq və şimal-qərb hissələrinin həlqəvi birləşmə marşrutunun tamamlanması məqsədilə “Xırdalan-M1 avtomobil yolu-Digah-Zabrat-Hava Limanı” həlqəvi magistralın yaradılması planlaşdırılır”, - deyə planda bildirilir.
Paytaxtın mərkəzi hissəsinin əlavə nəqliyyat yükündən qorunması məqsədilə “Mehdiabad-Dərnəgül-Ziya Bünyadov prospekti-Keşlə-Babək prospekti-“Ağ şəhər”-Nobel prospekti” yeni diaqonal nəqliyyat marşrutunun yaradılması nəzərdə tutulur.
“Bakı-Sumqayıt” şosesində, Xırdalan və “20 Yanvar” dairələrində nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə paytaxtın strateji 2-ci şimal-qərb yeni giriş-çıxış yolunun yaradılması planlaşdırılır. Xarici həlqəvi yolun tamamlanması məqsədilə Səttar Bəhlulzadə küçəsi ilə “Zığ-Hövsan” şosesini, o cümlədən Sabunçu dairəsi ilə Bülbülə gölünün qərbindən keçməklə Zığ şosesini birləşdirəcək yeni həlqəvi yolların yaradılması nəzərdə tutulur. Bunlarla yanaşı, mövcud nəqliyyat tıxaclarının qarşısının alınması və paytaxtın küçə-yol şəbəkəsinin inkişaf etdirilməsi məqsədilə əlavə bir sıra zəruri tədbirlər də planlaşdırılır.
Bakı şəhərinin Baş planı çərçivəsində velosiped nəqliyyatının inkişafı və müvafiq infrastrukturunun yaradılması da planlaşdırılır. 2040-cı ilədək velosiped zolaqları şəbəkəsinin ümumi uzunluğunun təxminən 250 kilometr təşkil edəcəyi nəzərdə tutulur. Bundan başqa, ictimai nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının təşkili nəzərdə tutulur. 2040-cı ilədək xüsusi hərəkət zolaqlarının ümumi uzunluğunun hazırkı 16 zolaq-kilometrdən 198,4 zolaq-kilometrə qədər genişləndirilməsi planlaşdırılır.*
Ə.Məmmədov