Federasiya Şurasının spikeri Valentina Matviyenko erməni və azərbaycanlı həmkarları ilə telefon danışığı zamanı tərəfləri Qarabağ münaqişəsi zonasında atəşkəslə bağlı əldə olunmuş razılaşmaya ciddi şəkildə riayət etməyə çağırıb.
"Bu gün Matviyenko Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova və Ermənistan parlamentinin sədri Ararat Mirzoyanla telefon danışıqları aparıb”, - deyə Federasiya Şurasının mətbuat xidmətinin məlumatında bildirilir.
Tərəflər regionda mövcud vəziyyəti müzakirə ediblər.
"Federasiya Şurasının sədri həmkarlarına müraciət edərək Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin Moskvada baş tutmuş üçtərəfli görüşündə Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəslə bağlı əldə olunmuş razılaşmaya münaqişə tərəflərinin ciddi şəkildə riayət etməsinə çağırıb”, - deyə məlumatda qeyd olunur.
Valentina Matviyenko hərbi əməliyyatların dərhal dayandırılmasının, ATƏT-in Minsk qrupu həmsədrlərinin fəal vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin siyasi-diplomatik məcraya qaytarılmasının zəruriliyini qeyd edib.
Tərərflər Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin tezliklə nizamlanmasına kömək məqsədilə parlament xətti ilə təmasları davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.*