“Trans Adriatic Pipeline” konsorsiumu (Trans Adriatic Pipeline, TAP AG) TAP qaz boru kəmərinin tikintisi yekunlaşdırıb.
“Ttikinti işlərinə başlanılmasından təxminən dörd il yarım sonra TAP boru kəməri əsaslı şəkildə tamamlanıb. TAP boru kəməri Yunanıstan-Türkiyə sərhədindən Cənubi İtaliyadakı təbii qazın qəbul terminalına qədər təbii qazla doldurulub. TAP hazırda ticari əməliyyatların başlanması üçün hazırlıq işlərini yekunlaşdırır”, - TAP AG-nin məlumatında deyilir.
Konsorsium TAP boru kəməri ilə Puglia (İtaliya) şəhərindəki “Snam Rete Gas” təbii qaz ötürmə sistemi arasındakı əlaqələndirmə hissəsinin 2020-ci il noyabr ayının ortalarına qədər tamamlanması və qaz nəqlinə hazır vəziyyətə gətirilməsini gözləyir.
TAP-ın ümumi uzunluğu 878 km təşkil edir, bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliya ərazisindən keçəcək.
TAP layihəsi “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən 10 milyard kubmetr təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Azərbaycan qazının TAP ilə Avropaya nəqlinə 2020-ci ilin sonunadək başlanılacaq.
Layihənin səhmdarları BP (20%), SOCAR (20%), “Snam” (20%), “Fluxys” (19%), “Enagas” (16%) və “Axpo” (5%) şirkətləridir.
Layihənin dəyəri 4,5 milyard avrodur.
TAP-ın təməlatma mərasimi 17 may 2016-cı il tarixində Yunanıstanda keçirilib.**
N.Abbasova