Ermənistan silahlı qüvvələrinin raket-artilleriya atəşi nəticəsində Azərbaycanda 160 sahibkarlıq subyektinə ziyan dəyib. Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat verir.
“27 sentyabr 2020-ci il tarixindən etibarən Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təxribatı nəticəsində Gəncə və Naftalan şəhərləri, Tərtər, Füzuli, Beyləqan, Bərdə, Ağdam, Cəbrayıl və Ağcabədi rayonlarında 160 sahibkarlıq subyektinə ziyan dəyib. Xüsusilə ailə təsərrüfatlarına (əkin sahələri, iri və xırdabuynuzlu heyvanlar və s.), ticarət mərkəzlərinə, mağazalara, ictimai iaşə obyektlərinə (yeməkxana, çay evi, kafe, restoran), çörək sexlərinə, yanacaqdoldurma məntəqələrinə, mehmanxana, apteklər, bərbərxana, bazar və digər sahibkarlıq obyektlərinə müxtəlif dərəcəli ziyan dəyib”, - məlumatda qeyd olunur.
Məlumata əsasən, hazırda sahibkarlıq subyektlərinə dəymiş zərərin müəyyənləşdirilməsi məqsədilə müvafiq məlumatların toplanılması və emalı, mümkün olduqda isə dəymiş zərərin yerində dəqiqləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. **
X.Nəsirzadə