Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalınla Qarabağ münaqişəsini müzakirə edib.
"Mütəmadi təmasda olduğum yaxın dostum İbrahim Kalınla telefon danışığından məmnun oldum. ATƏT və Minsk qrupunun üzvü və regionda aparıcı ölkə kimi Türkiyənin Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesindəki vacib rolunu bir daha ifadə etdik", - deyə H.Hacıyev özünün "Twitter" səhifəsində yazıb.
Daha əvvəl Kalın bəyan etmişdi ki, Ankara Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiya, Azərbaycan və Ermənistanın iştirakı ilə dördtərəfli danışıqlar aparmağı təklif edir.
"Rusiya Ermənistanın tərəfində olduğundan, Türkiyə isə Azərbaycanı dəstəklədiyi üçün gəlin, bu problemlərin həllini müzakirə etmək üçün dördlükdə görüşək. Minsk qrupu 30 ildən çoxdur həll tapa bilmədiyi üçün yeni mexanizm tapmağın vaxtı gəlib çatıb", - deyə Kalın vurğulayıb.*
N.Abbasova