Azərbaycan humanitar atəşkəsə sadiqdir, amma Ermənistan ərazisindən Azərbaycanın hərbi və mülki obyektlərinə, dinc insanlara qarşı raket və digər hücumlar olduğu təqdirdə, Azərbaycan legitim hərbi hədəflər olaraq onların zərərsizləşdirilməsi hüququnu özündə saxlayır. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Bu gün səhər saat 07.00 radələrindən Tərtər şəhəri və Ağdamın kəndləri atəş altındadır. 100-dən çox mərmi atılmışdır. Nəticədə bir nəfər həlak olmuş, 8 mülki şəxs yaralanmışdır. Yaralananlar içərisində Azərbaycan Dövlət Televiziyasının çəkiliş qrupunun üzvləri də var”, - deyə o bildirib.
H.Hacıyevin sözlərinə görə, Azərbaycan humanitar atəşkəsə sadiqdir. “Amma Ermənistan ərazisindən Azərbaycanın hərbi və mülki obyektlərinə, dinc insanlara qarşı raket və digər hücumlar olduğu təqdirdə, Azərbaycan legitim hərbi hədəflər olaraq onların zərərsizləşdirilməsi hüququnu özündə saxlayır”, - deyə o vurğulayıb.*
R.Əhmədov