Qarabağda gedən döyüşlərdə Türkiyə F-16-ları iştirak etmir. Bunu prezident İlham Əliyev deyib.
“Türkiyənin və yaxud digər kənar qüvvələrin döyüş əməliyyatlarında iştirakına gəlincə, bütün bunlar yalandır.Türkiyə F-16-ları buradadır, onlar təlim zamanı gəlmişdilər. Təlimdən sonrakı erməni təcavüzündən sonra burada qaldılar. Amma onlar yerdədir, havada deyillər. Onlardan heç biri bu savaşda iştirak etməyib. Türkiyədən heç bir insan bu savaşda iştirak etmir”, - deyə dövlət başçısı «Haber Türk» televiziya kanalına müsahibəsində bildirib.
O qeyd edib ki, Azərbaycanın güclü Ordusu var və muzdlulara ehtiyacı yoxdur.
“O ki, qaldı əcnəbi insanlara. O da yalandır. Bu, bizə qarşı qarayaxmadır, iftiradır, böhtandır. Bir dənə də olsun bizə sübut gətirmədilər. Sadəcə olaraq Fransa və Rusiyadan belə açıqlamalar verildi. Dəlil yoxdur, heç bir açıqlama verilmir. Bizim kəşfiyyata heç bir məlumat verilmir. Bizim kəşfiyyat orqanlarımız bizə ittiham gələn ölkələrlə əlaqədə oldular ki, bizə dəlil verin. Vermirlər. Ya bunu sübut et, ya da ki, öz sözlərini geri götür”, - deyə Əliyev qeyd edib.
Prezident vurğulayıb ki, əsassız bəyanatlar verməzdən əvvəl ilk növbədə, işğal olunmuş torpaqlarda terrorçular yerləşdirilmiş Ermənistana baxmaq lazımdır.
“İşğal olunmuş ərazilərimizdə PKK-nın düşərgələri var. Biz bu bölgəni işğalçılardan təmizləyəndən sonra o düşərgələri də məhv edəcəyik. Nə qədər əcnəbi bu gün bizə qarşı bu döyüşlərdə iştirak edir. Orada öldürülən terrorçuların üzərindən Kanada pasportları, Livan pasportları çıxıb. Onlar erməni əsillidir, ya da ki, erməni əsilli deyil, bu, başqa məsələdir. Başqa ölkənin vətəndaşı gəlib bizə qarşı müharibə aparır. Bunlar muzdlulardır”, - deyə Əliyev bildirib.
O əlavə edib ki, PKK-nın düşərgələri Dağlıq Qarabağda meşələrdə və dağlıq ərazilərdə yerləşiblər.*
X.Nəsirzadə