Prezident İlham Əliyev Qarabağ müharibəsi başa çatandan sonra bölgədə güclər nisbətinin dəyişəcəyini açıqlayıb.
“Artıq müharibə başa çatandan sonra, əlbəttə ki, nəinki bölgə, dünya dəyişəcək. Artıq dəyişir. Hər kəs bizim gücümüzü gördü. Bizimlə hesablaşmaq səviyyəsi daha da artacaq. Onsuz da müəyyən regional məsələlərdə Azərbaycanın rolu çox önəmlidir, o daha da artacaq. Təbii ki, Türkiyə-Azərbaycan birliyi daha da möhkəm olacaq. Bu da həm Türkiyə, həm Azərbaycan üçün həyati əhəmiyyət, önəm daşıyır”, - deyə dövlət başçısı “Haber Türk” televiziya kanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, bundan sonra bu bölgədə yeni bir strateji mənzərə, strateji baxış yaradılacaq. “Artıq bu barədə düşünməyə başlayırıq, ancaq hadisələri qabaqlamaq istəmirik. Qoy, bunu həll edək, bu iş bitsin, ərazi bütövlüyümüz bərpa edilsin, ondan sonra Azərbaycanın yeni dövrü başlanacaq, bölgənin yeni dövrü başlanacaq, güclər nisbəti dəyişəcək və hesab edirəm ki, Türkiyə və Azərbaycanın gücü daha da möhkəm olacaq”, - deyə İ.Əliyev əlavə edib.
Prezident vurğulayıb ki, bu gün Türkiyə bölgədə və yeni coğrafiyada çox önəmli sabitləşdirici rol oynayır.*
R.Əhmədov