1 sentyabr 2020-ci il tarixinə Azərbaycanda orta aylıq nominal əmək haqqı 710,2 manat ($417,8) təşkil edir ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 20,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
1 avqust 2020-ci il tarixinə Azərbaycanda orta aylıq nominal əmək haqqı 715,4 manat ($420,8), 1 iyul tarixinə 720 manat ($423,5) təşkil edib.
2020-ci il sentyabrın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 670,9 min nəfər (avqustun 1-nə 1 milyon 681,2 min nəfər) olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 59,8 min nəfər və ya 3,7% çoxdur. Onlardan 902,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 768,6 min nəfəri isə özəl sektorda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 19,4%-i təhsil, 18,3%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 13,2%-i sənaye, 8,3%-i tikinti, 8,2%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,5%-i nəqliyyat və anbar təsərrüfatı, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 3,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7%-i maliyyə və sığorta fəaliyyəti, 13%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.*
X.Nəsirzadə