Ermənistan Qarabağ münaqişəsinə Rusiyanı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını cəlb etməyə çalışır. Bu barədə Ukrayna Ali Radasının “Xalqa xidmət” (“Sluqa naroda”) fraksiyasından olan deputatı Lyudmila Marçenko “Region +” jurnalına müsahibəsində bildirib.
“Burada istər-istəməz, iyul ayında erməni tərəfinin Tovuz istiqamətində törətdiyi təxribat yada düşür. O vaxt ermənilər tərəfindən zərbələr artıq Qarabağ istiqamətində endirilmirdi. Bu, münaqişəyə üçüncü ölkəni və hətta Ermənistan Respublikasının da üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını da cəlb etmək cəhdi idi. Bu amillər nəzərə alınmaqla ortaya bircə sual çıxırdı: Azərbaycan və Ermənistan arasında hərbi qarşıdurmanın yeni mərhələsi nə vaxt başlanacaq? Bu sual artıq cavabını alıb”, – deyə o bildirib.
Deputat vurğulayıb ki, Azərbaycan öz ərazi bütövlüyünün bərpa edilməsi çərçivəsində əks-hücum əməliyyatları aparır.
“Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş fərdi özünümüdafiə və öz ərazilərini əcnəbilərin qanunsuz hərbi iştirakından qorumaq hüququnu həyata keçirərək özünün suveren ərazilərində uğurlu əks-hücum əməliyyatları aparır”, – deyə Marçenko qeyd edib.*
X.Nəsirzadə