ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Qarabağ məsələsini həll etmir, əksinə, diqqəti yayındırır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan belə hesab edir.
“ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri – ABŞ, Rusiya və Fransa hələ də baş qatmaq taktikasından istifadə edirlər. Bir münaqişənin müzakirələri otuz il çəkərmi? Otuz ildir ki, oturdular, danışdılar, dağılışdılar. Əgər dünyada insan haqları, demokratiya varsa, həmsədrlər münaqişəni uzatmamalı, həmin torpaqları sahiblərinə qaytarmalıdır”, – deyə Ərdoğan bu gün bildirib.
O vurğulayıb ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi faktı var və bununla əlaqədar Minsk qrupu həmsədrlərini məsələni Bakının xeyrinə həll etməyə çağırıb. “Qoy onlar (Ermənistan silahlı qüvvələri) öz torpaqlarına geri qayıtsınlar və orada istədiklərini etsinlər. Bəs həmsədrlərin Ermənistana verdiyi dəstəyi niyə demirsiniz? Rusiyadan, Fransadan Ermənistana bu qədər silah-sursat gəlir, niyə bunlardan danışmırsınız?”, - deyə Türkiyə prezidenti qeyd edib.
Onun sözlərinə görə, Minsk qrupunun fəaliyyətsizliyi indiki vəziyyətə gətirib çıxarıb.
Ərdoğan vurğulayıb ki, Türkiyə hər cür dəstək göstərmək üçün qardaş Azərbaycanın yanındadır.*