Azərbaycan Moskvada baş tutmuş danışıqların yekunları üzrə əldə olunmuş atəşkəs rejiminə tərəfdardır. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
"Azərbaycan Moskvada baş tutmuş danışıqların yekunları üzrə əldə edilmiş atəşkəs rejiminə tərəfdardır. Biz Rusiyanın danışıqlarda rolunu da yüksək qiymətləndiririk və bu görüşün keçirilməsi üçün meydança yaratdığına görə ona minnətdarıq. Ancaq əfsuslar olsun ki, Ermənistan bu rejimə riayət etmir. Atəşkəs rejimi qüvvəyə mindikdən dərhal sonra onu pozdular, sonra isə heç bir hərbi əhəmiyyəti olmayan Gəncə atəşə tutuldu", - deyə Hacıyev bu gün keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqları davam etdirməyə hazırdır.
"Bəzən elə olur ki, tam atəşkəsə nail olmaq çətindir, lakin danışıqlar gedir. Azərbaycan danışıqları davam etdirməyə hazır olduğunu nümayiş etdirir. Biz ATƏT-in həmsədrləri və Rusiya, Türkiyə və regionun digər ölkələrindən olan həmkarlarımızla əlaqə saxlayırıq", - deyə Hacıyev əlavə edib.*