Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Türkiyənin iştirakı münaqişənin başa çatmasını sürətləndirəcək. Azərbaycan prezidenti İlham Əliyev belə hesab edir.
“Bz mövcud reallıqları gərək nəzərdən keçirək. Bu reallıqlar, həqiqi vəziyyət ondan ibarətdir ki, bu gün Türkiyənin iştirakı olmadan bu bölgədə hər hansı bir məsələ həll edilə bilməz. Bunu artıq son illərin tarixi göstərmişdir. Bu, kiminsə xoşuna gələ bilər, gəlməyə bilər, bu, faktdır, bu, gerçəkdir... Ona görə bu döyüşlərin ilk saatlarından onu hərbi müstəvidən siyasi müstəviyə, siyasi prosesə çevirmək üçün biz çox açıq və dəqiq mövqeyimizi bildirdik ki, Türkiyə mütləq bu işlərdə olmalıdır. Əgər olarsa, o zaman bu döyüşlər daha tez bir vaxtda dayanacaq və sülh prosesi başlayacaq”, - Əliyev Türkiyənin NTV telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Türkiyə Azərbaycanın, Ermənistanın və Gürcüstanın qonşusu olaraq bu bölgədə fəal rol oynayır, “bu, Türkiyənin haqqıdır, bu, tarixən belə olub”.
“Faktiki olaraq Türkiyə prosesdə var. Çünki dünən cənab Ərdoğanın və cənab Putinin danışığı bunu göstərir. Eyni zamanda, ondan əvvəlki günlərdə Türkiyənin və Rusiyanın xarici işlər nazirlərinin, müdafiə nazirlərinin də telefon danışıqları olub. Onlar Qarabağ mövzusunu müzakirə edirlər. Ona görə bizim mövqeyimiz bundan ibarətdir ki, Türkiyə mütləq olmalıdır. Hansı statusda olacaq, bu, texniki məsələdir», - Əliyev əlavə edib.
Həmçinin, Azərbaycan lideri qeyd edib ki, de-fakto artıq Türkiyə Qarabağ münaqişəsinin həlli prosesində var, çünki Minsk qrupunun üzvüdür.
“Biz mövqeyimizdə qalırıq və əlbəttə, ümid edirik ki, bu məsələ tez bir zamanda masa arxasında həll edilsin. Türkiyə mütləq bu işlərdə fəal rol oynamalıdır və əminəm ki, oynayacaq”, - prezident yekun vurub. **
N.Abbasova